Ana səhifə Məqalələr Televiziya verilişlərinin insan sağlamlığına təsiri

Televiziya verilişlərinin insan sağlamlığına təsiri

Televiziya verilişlərinə olan aludəçilik nəticəsində formalaşan oturaq həyat tərzi metabolik xəstəliklərin inkişafına və var olan xəstəliklərin daha tez ağırlaşmalar verməsinə səbəb olur. Çünki saatlarla proqramdan proqrama uzanan vaxt hərəkətsizliyə aparıb çıxarmaqla insan sağlamlığına ciddi mənada zərbə vurur. Televiziya gündəlik həyatımıza sıx daxil olmuş, ən çox istifadə etdiyimiz, çoxşaxəli təsiri olan ünsiyyət vasitəsidir. Dünyada gündəlik baş verən hadisələr barədə az vaxtda informasiyanın qəbul olunması, xüsusən, intellektual və düşündürücü verilişlərin verilməsi, musiqili proqramlar və s. televiziyanı günümüzün müstəsna dərəcədə əhəmiyyətli bir atributuna çevirmişdir. Bununla yanaşı, televizorun insan sağlamlığına müəyyən qədər mənfi təsirləri də vardır. İlkin olaraq qeyd etməliyəm ki, bütün elektriklə işləyən cihazlarin müəyyən qədər ətraf mühitə şüalanması vardır.

Təsadüfi deyildir ki, risk qrupunda olan insanlarda miokard infarktı və insult kimi ciddi xəstəliklər bir çox hallarda elə uzun müddət televizor qarşısında olarkən baş verir. Uzun illər davamlı şəkildə vaxtını mavi ekran qarşısında keçirən insanlarda bu kimi oturaq həyat tərzi vərdişləri piylənmə xəstəliyi yaradır. Hazırda bəşəriyyəti lərzəyə gətirən ölüm triosu-əsrimizin epidemiyası sayılan piylənmə, şəkərli diabet, hipertoniya xəstəliklərinin yaranmasında məhz bugünkü modern həyat tərzinin bir parçası sayılan informasiya texnologiyaları və televizorun rolu danılmazdır. Şəkərli diabetlə bağlı risk qrupunda olan, yəni yaxın əqrəbalarında diabet olan, kökəlməyə meylli insanlar hərəkətsizliyə səbəb olan televiziya verilişlərinə saatlarla baxmamalı, bunun onların sağlamlığı üçün təhlükəli olmasını yadda saxlamalıdırlar.

Doğrudur, son zamanlar istehsal edilən Plasma, LCD, LED 3D texnologiyasında bu şüalanma dərəcəsi minumuma endirilsə də, yox deyildir. Xüsusən, uşaqların televizor qarşısından azı 1 metr kənardan baxmasını tövsiyə edirəm. Televizorun sağlamlığımıza olan ən böyük təsiri saatlarla hərəkətsiz qalmağımız, veriliş əsnasında davamlı yemək və onun yaratdığı piylənmə xəstəliyidir. Sübut olunmuşdur ki, hərəkətsizlik zamanı qanın hərəkət sürəti azaldığı üçün qanın laxtalanma qabiliyyəti yüksəlir və trombozlara meyllilik artır.

Televiziya barədə danışarkən onun uşaqların fiziki və psixi sağlamlığına olan təsirlərini qeyd etməmək olmaz. Pedaqogika və tibb elmi sübut etmişdir ki, danışmağa başlayan 0-2 yaş dövründəki uşaqlarda uşağın sadəcə dinləyərək passiv pozisiyada televizora baxması onda nitq qüsurlarının yaranmasına, ”danışma tənbəlliyinə” yol açır. Məktəbəqədər dövrdəki uşaqlar valideynləri ilə bərabər, yəni uşağa yaşına uyğun verilişlər izah edilərək gün ərzində 25-30 dəqiqə baxmasının faydası vardır. Aşağı sinif şagirdləri gün ərzində bir neçə dəfə olmaqla cəmi 45 dəqiqə-1 saat, orta sinif şagirdləri 1-1,5 saatdan çox olmamaqla televizora baxa bilərlər. Məsləhət görərdim ki, uşağın qidalanması və iştahasının aşağı olması ilə həmişə şikayət edən valideynlər yemək saatlarında uşaqların televiziya izləməsinə icazə verməsinlər. Bu, uşağın diqqətini yeməkdən yayındıran mühüm faktordur. Televiziya verilişlərinə aludəçilk səbəbindən gec yatan uşaqlarda yuxu pozğunluğu, böyümə, inkişaf geriliyi sübut olunmuşdur. Xüsusən, boy qısalığı problemi olan uşaqlar erkən yatmalı, valideynlərin bu xüsusda diqqətli olmasını tövsiyə edirəm. Digər tərəfdən televiziyada göstərilən zorakılıq, qətl, kriminal hadisələr kiçik yaşlı uşaqlarda qorxu, həyəcan və stress yaratmaqla, yeniyetmələrdə isə onların ictimailəşməsinə mane olaraq, duyğularını kütləşdirir və aqressiv olmasına səbəb olur. Ona görə uşaqlar uzun müddət televiziya qarşısında tək buraxılmamalı, izlədikləri filmlərə nəzarət edilməlidir.

Uşaqlarımızın bizdən gözlədiyi diqqət və sevgini onlara verə biləcəyimiz əhəmiyyətli vaxtların televiziya qarşısında keçməsi ailə daxili ünsiyyətə böyük zərbə vurur. Halbuki bütün ailə üzvlərinin toplanması, günümüzün necə keçdiyini və problemlərimizi paylaşmaq əvəzinə ünsiyyət və kontaktın yerini televizorun tutması belə ailələrdə böyüyən uşaqlarda özünə qapanma, diqqət, davranış pozğunluğu və əsəbilik hallarının olmasına gətirib çıxarır. Uşağın televiziya qarşısında çox vaxt keçirməsini istəmiriksə, ona qadağa qoymaq və ya cəza vermək əvəzinə (çünki qadağaların inadkarlığa apararaq fayda vermədiyi sübut olunmuşdur) əvvəlcə valideyn kimi ona bu mövzuda nümunə olub, alternativ fəaliyyətlər (şəkil çəkmək, birlikdə oyun oynamaq, nağıl və ya hekayələr danışmaq və s. ) yolunu seçə bilərik. Bütün bu fəaliyyətlərimizlə uşağı televiziya izləməkdən və onun mənfi təsirlərindən uzaqlaşdıraraq, intellektual, məlumatlandırıcı proqramları izləmələrini təmin edib, fiziki və psixi inkişafına müsbət təsir edərək məhdud və şüurlu şəkildə istifadə etməklə televiziyanı müsbət hala gətirə bilərik.Televiziya izləyərkən evin interyeri, televizor və insan gözü arasındakı məsafə eyni səviyyədə olmalı, eyni zamanda masa, kreslo, divan və televizor altlığı optimal məsafədə seçilməlidir. Bu incəlik nəzərə alınmazsa, müəyyən müddət sonra boyun, baş ağrıları, gözlərdə yorğunluq və diskomfort hissi meydana çıxır. İnformasiya bolluğu və televizordan aldığımız mənfi enerji insanların sinir sistemində bir yüklənmə yaradır. Belə insanlar gecəni pis yatır, əsəbi olur, diqqəti dağılır. Eyni zamanda, insanlar arasında ünsiyyətin azalması isə depressiyaların artmasına gətirib çıxarır. Bu hiss öz növbəsində digər sinir psixi xəstəliklərin inkişafına rəvac verir. Televiziyada verilən serial və etik normalara uyğun gəlməyən proqramlar, xüsusən gənc nəslin tərbiyəsində aşınmalara yol açır. Bütün bunları nəzərə alaraq, televiziya ictimai əhəmiyyəti ilə bərabər, fərqinə varmadan fiziki və ruhi sağlamlığımıza ciddi təsir edir. Verilişlərə müəyyən saatlarda və məhdud şəkildə baxmaq, televiziyanın əsirinə çevrilməmək, televiziyanı deyil, hərəkəti həyatımızın bir parçasına çevirmək ən azı sağlamlığımız baxımından çox əhəmiyyətlidir.

 

 

 

Paylaş: