Ana səhifə Diabet Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Şəkərli diabetdə ayaqlarda yara olduqda nə etməliyəm?

Bütün səylərə baxmayaraq ayaqlarınızda yaralar ola bilər. Vacib olan bu yaraların əmələ gəlməsinin qarşısını almaqdır. Lakin ikinci vacib məsələ bu yaralar əmələ gəldikdə onların necə müalicə olunmasıdır.
Ayağınızda əmələ gələ bilən yaralar aşağıdakılardır:
– Bişməcələr və yaralar
– Təzyiq yaraları (sıx ayaqqabılar)
– Dırnaq batması
– Dəridə çatlar və.s
Əvvəlcə bu yaraları əmələ gətirən səbəblər aradan qaldırılmalıdır. Ayağınızda gördüyünüz kiçik yaraları su ilə yuyun, qurudun və təmiz bir tənzif ilə bağlayın, ifrazat ilə çirklənən tənzifi tez-tez dəyişdirin. Dərinizi zədələyə bildiyi üçün plastrlardən istifadə etməyin. Yaralarınızın yaxşılaşması gecikirsə mütləq həkiminizə müraciət edin.

 

Şəkərli diabetdə hansı əlamətlər ayaqda infeksiya olduğunu göstərir?

– Ayaq dəriniz normadan istidirsə
– Ayağınızda qızartı varsa
– Ayağınızda ağrı hiss edirsinizsə
– Ayağınızda şişkinlik varsa
Dəri temperaturunun artması, ayaqda qızarmış nahiyələr olması və bu nahiyənin şişkin olması infeksiyanın ilk əlamətləridir. İnfeksiya zamanı mütləq həkiminizə müraciət edin, çünki infeksiyanın tez müalicə edilməsi vacibdir.
Ayaq barmaqlarınızı sıxan ayaqqabılar geyməyin. Bu vəziyyət ayaq dərisi və dırnaqlarda göbələk infeksiyalarına, dırnaq batmasına dəridə kəpəklənməyə və döyənək problemlərinə səbəb ola bilər. Ayaqyalın gəzməyin. Ayağınızı qorumaq üçün corab geyin, lazımdırsa dabanlıq kimi qoruyucu vasitələrdən istifadə edin.

 

Şəkərli diabetdə gündəlik ayağa qulluq qaydaları

Əllərinizi yuduğunuz kimi ayaqlarınızı da hər gün yuyun. Yuyunduqdan sonra ayaqlarınızın yaş qalmamasına, barmaq aralarınızın yaxşı qurulanmasına diqqət edin. Nəmlik dəridəki təbii yağları uzaqlaşdırır və çatların əmələ gəlməsinə səbəb olur. Bundan başqa nəm mühitdə göbələk infeksiyaları əmələ gələ bilər.
Ayaq dərinizi nəmləndirici kremlə yumşaq saxlayın. Əgər ayaqlarınız çox tərləyirsə ayaq kirşanı istifadə edin. Ayağa tam oturan ayaqqabı geyinərək ayağınızı təzyiqdən və döyənəklərdən qoruyun.
Ayaq dırnaqlarınız mümkündürsə düz kəsilməlidir. Yuyunduqdan sonra dırnaqlar yumşaq olarkən kəsmək daha asan olur. Dırnaqlarınızı dərin kəsməkdən qaçın. Gözəllik salonlarında ümumi alətlərlə pedikür etdirməyin. Mümkündürsə öz alətlərinizdən istifadə edin.

Paylaş: