Ana səhifə Məqalələr Qalxanabənzər vəzi, onun vəzifəsi və zob nədir?

Qalxanabənzər vəzi, onun vəzifəsi və zob nədir?

Qalxanabənzər vəz (tireoid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. İfraz etdiyi, orqanizm üçün böyük fizioloji əhəmiyyətə malik hormonlarla orqanizmin yaşama tempi-metabolizm, böyümə, inkişaf və s. tənzim olunur. Hazırda endokrinologiyanın xüsusi bölməsi olan “tiroidologiya” məhz qalxanabənzər vəzin xəstəlikləri ilə məşğul olur. Qalxanabənzər vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar. Qalxanabənzər vəzin xəstəlikləri özünü vəz funksiyasının artması (hipertireoz), azalması (hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən (kanser) başqa bir səbəblə böyüməsinə zob (ur) deyilir. Elmi cəhətdən zob, əslində müstəqil bir xəstəlik  olmayıb, qalxanabənzər vəzin böyüməsini ifadə edən bir əlamət, bir simptomdur. Qalxanabənzər vəzin hər xəstəliyində zob olmur və ya zob deyilməz. Qalxanabənzər vəzi xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı vardır. Lakin zob – xalq arasında qalxanabənzər vəzin bütün xəstəliklərinə verilən ümumi ad olaraq istifadə edilir. Qeyd etdiyim kimi, tibbi cəhətdən zob dedikdə qalxanvarı vəzin böyüməsi olmalıdır.

Paylaş: