Elmi fəaliyyət

2012-ci ildən ardıcıl olaraq Türkiyə Endokrinologiya və Metabolizma Xəstəlikləri Dərnəyinin və Türkiyə Diabet Cəmiyyətinin təşkil etdiyi bütün konfranslarda, həmçinin endokrinologiya, şəkərli diabet, tireoid ultrasəs müayinə kursları, hipofiz, böyrəküstü vəzi, lipid, osteoporoz simpoziumları, endobridge, endokurs və. s. beynəlxalq toplantılarda iştirakçı, mühazirəçi, panel sədri olmaqla yanaşı, çoxsaylı çıxışlarla ölkəmizi təmsil etmişdir. 2019-cu ildən Klinik Endokrinologiya və Diabet Dərnəyinin (KEDD) hər il təşkil etdiyi konfranslarda mühazirəçi, panel sədri, eləcə də şifahi təqdimatlarda iştirak etmişdir. Hidayət Məmmədzadə müxtəlif illərdə Türkiyə, Almaniya, Avstriya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İsveçrə, Çexiya, Belçika, Özbəkistan, Rusiya, Portuqaliya, Gürcüstan, İsveç, İspaniya və s. ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli konfrans və seminarlarda endokrinologiya dair elmi məruzə ilə çıxış etmiş və ölkəmizi təmsil etmişdir. Ölkə daxilində keçirələn bu səbkidə olan tədbirlərdə öz sahəsini əhatə edən mövzularda öz təcrübələrini paylaşmışdır. Eyni zamanda dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Klinik Endokrinologiya” ixtisası üzrə tematik təkmilləşmə kursları keçmişdir və hazırda II Daxili xəstəliklər kafedrasının endokrinologiya ixtisası üzrə doktorantıdır. Müxtəlif ölkədaxili və beynəlxalq əhəmiyyətli tibbi jurnallarda məqalələri çap olunmuşdur. “Azerbaijan Endocrinology Club” un təşkilatçılığı ilə həkim endokrinoloqların elmi-praktik səviyyəsinin artırılması üçün bir sıra tədbirlər, o cümlədən, ölkədə ilk dəfə bəzi simpoziumların (1-ci Pediatrik endokrinologiya, 1-ci Hamiləlik və endokrin xəstəliklər, 1-ci Neyroendokrin Törəmələr, 1-ci Osteoporoz və metabolik sümük xəstəlikləri simpoziumu və s.) keçirilməsində əsas təşkilatçı, məruzəçi və həmsədrlərdən biri olmuşdur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri və mətbuatda (qəzet, jurnal, TV, radio və sosial mediya) əhalinin tibbi maariflənməsi üçün çoxşaxəli fəaliyyət göstərmişdir.