Ana səhifə MəqalələrBilmək vacibdir Böyüməyə təsir edən faktorlar nələrdir?

Böyüməyə təsir edən faktorlar nələrdir?

Genetik amillər, ana-ata olaraq uşaqlara verilən genetik boy potensialı, hormonlar və ətraf mühit faktorları bətndaxili dövrdən yetkinlik çağına qədər böyüməyə təsir edir. Doğumdan əvvəlki dövrdə böyüməyə  təsir edən əsas faktorlardan ananın qidalanması, hormonal tarazlıq və s. göstərmək olar. Əgər hamiləlik normal keçərsə  uşaq mükəmməl bir doğum kilosuna və boyuna sahib olacaqdır. Ana hamiləlik əsnasında düzgün qidalanmırsa, yoluxucu bir xəstəlik keçirmişsə, siqaret, alkoqol  kimi zərərli vərdişləri varsa, müxtəlif nəzarətsiz dərmanlar qəbul etmişsə bətndaxili böyümə pozula bilər. Ancaq gecikmiş böyümənin bütün variantlarını hamiləlik dövrü ilə  bağlamaq yanlış olardı. Əsas böyüməyə təsir edən faktorları qruplaşdırsaq aşağıdakıları qeyd edə bilərik;
-Genetik meyillilik.
-Qidalanma.
-Yuxu rejimi.
-Dərmanlar.
-Xəstəliklər.

Əsas böyüməyə təsir edən faktorlar aşağıdakılardır;
Genetik meyillilik.
Uşağın böyüməsində ana və atanın boyları əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, əksər hallarda qısa boylu valideynlər qısa boylu uşaqlara, uzun boylu valideynlər isə  uzun boylu uşaqlara sahibdirlər.
-Qidalanma.
Normal bir böyümə üçün balanslaşdırılmış bir qida menyusunun olması şərtdir.Uşaqlar qidalarla lazımlı miqdarda zülal (süd, qatıq, pendir, yumurta, ət), yağ, karbohidrat,meyvə-tərəvəzlər, vitamin və minerallar almalıdırlar. Xüsusilə bir yaşa qədər qidalanma çox əhəmiyyətlidir. İlk 6 ay ana südü və daha sonra uyğun əlavə qidaların başlanması lazımdır.Uşaqların gündəlik təmiz, çiy su içmələrinə də şərait yaratmaq lazımdır.Orqanizmin 2/3 hissəsinin su olmasını da unutmamaq lazımdır.Uşaqlar, ümumiyyətlə, şəkərli içkilər, şokalat, cips,konfetlər, marketlərdə hazır satılan meyvə suları, şirniyatlar kimi konservantlı yeməkləri yeməyə meyllidir.Bu cür qeyri-düzgün qidalanma metabolik sindrom, piylənmə xəstəliyi, eyni zamanda boy qısalığı kimi problemlərə yol açmaqdadır.Yanlış qida rejiminin düzəldilməsi uşağın böyüməsi və boy artmasında ediləcək ilk görülməli tədbirlərdəndir.
Yuxu rejimi.
Vacib məsələlərdən biri uşaqların tez yatmasına çalışmaqdır.Böyümə hormonu gecələr, yuxuda ikən çox istehsal olunduğundan,xüsusən boy qısalığı problemi olan uşaqlar erkən saatlarda yatmalıdırlar.
Böyüməyə təsir edən hormonlar.
İnsan bədənində böyüməyə təsir  edən bir qrup hormonlar vardır. Normal böyümə üçün bu hormonların birlikdə fəaliyyəti şərtdir. Ana endokrin vəzi hipofiz adı verilən orqandır, hansı ki, böyümə hormonu buradan istehsal olunur.Boynun ön qisimində yerləşən qalxanabənzər vəzi tərəfindən ifraz olunan hormonlar həm böyümə, həm də əqli inkişaf, eyni zamanda sümüklərin böyüməsinə təsir edir.
Oğlanlarda xayalar tərəfindən ifraz olunan testesteron, qızlarda isə yumurtalıqlardan gələn esterogen adı verdiyimiz hormonlar və hər iki cinsdə də böyrəküstü vəzilərdən istehsal olunan androgen isimli cinsi hormonlar, xüsusilə yetkinlik dövründəki sürətli böyümədən məsul olan hormonlardır.
Uşaqlıq dövrünün qeyri-endokrin xəstəlikləri.
Uşaqlıq dövrünün bir çox infeksion və qeyri infeksion xəstəlikləri böyüməyə mənfi istiqamətdə təsir edir. Məsələn ürək, ağciyər, böyrək kimi orqanların uzun müddətli və əhəmiyyətli xəstəlikləri, xüsusən mədə-bağırsaq sisteminin xəstəlikləri böyümə üzərində mənfi təsir edir.
-Dərmanlar.
Bəzi xəstəliklərin müalicəsində istifadə edilən müəyyən dərmanlar,xüsusən tetratsiklin,levomisetin kimi antibiotiklər və s.qrup dərmanlar boy artımına  mənfi istiqamətdə təsir edə bilər.Dərman verilməsi yalnız həkimin təyinatı və nəzarəti altında edilə bilər.

Paylaş: